Thursday, June 21, 2012

"Bu gün yox deyək" xeyriyyə tədbiri keçiriləcək

Xəbər verdiyimiz kimi 22 iyunda,yəni bu gün keçiriləcək xeyriyyə konsertinə,Şölə Səfərəliyeva da qatılacaq. 
Simsar.Az-ın tədbir təşkilatçıları ilə hazırladıqları müsahibəni sizə təqdim edirik.

Xəbər verdiyimiz kimi, iyun ayının 22-si təşkilatçılar Səbuhi Arif və Sahilə Qurbanova gənc reper Orxan Həyatın təşəbbüsü ilə “Bu gün yox deyək” adlı xeyriyyə aksiyası keçirəcəklər.

Tədbirə Azərbaycanın bir neçə sevilən sənətçiləri qatılaraq, maarifləndirici xarakter daşıyan aksiyalarla çıxış edəcək və mahnı töhfələrini ərməğan edəcəklər. Tədbiröncəsi təşkilatçılarla görüşüb, ətraflı söhbət etdik.

Azər Nəsibov: Bu xeyriyyə tədbirini keçirmək ideyası kimdən gəldi?

Səbuhi Arif: İdeya Sahilə xanımdan gəldi. Dəfələrlə istəmişdik ki, işbirliyimiz olsun. Sadəcə vaxtla əlaqədar alınmırdı. Nəhayət, bir araya gəlib, ilk birgə tədbirimizi reallaşdırmaq qərarına gəldik.

Azər Nəsibov: Tədbirin əsas məqsədi nədir?

Sahilə Qurbanova: Bu tədbir müxtəlif mövzularda aksiyalardan ibarət olunacaq. Eyni zamanda, Saray qəsəbəsində yerləşən uşaq evindəki 8 yaşlı Aişə adlı qızın səhhətində olan problemin aradan götürülməsinə az da olsa yardım etmək məqsədimiz var. Konsertdən satılan biletlərdən əldə olunan maddi gəlir Aişənin cərrahiyyə əməliyyatına sərf olunacaq.

Azər Nəsibov: Aişənin konkret səhhətində nə kimi problem var?

Sahilə Qurbanova: Omba çıxığı var. Düzəlməsi üçün cərrahiyyə əməliyyatı lazımdır.

Azər Nəsibov: Tədbirdə Aişə də iştirak edəcəkmi?

Səbuhi Arif: Bəli, anası ilə birgə təşrif buyuracaq. Maddi vəziyyət çətin olduğundan anası Aişəni uşaq evinə verib. Lakin hər gün ona baş çəkir.

Azər Nəsibov: Bir də xeyriyyə tədbirinizin siması var...

Sahilə Qurbanova: Elədir. Tədbirimizin siması kimi gənc reper Orxan Həyatı seçmişik. Açığı, tədbiri keçirməyin əsas təşəbbüskarı da Orxandır.
Səbuhi Arif: Bu tədbirdə Orxan Həyat bir növ sənətçi dostlarını ətrafına toplayıb, Aişəyə dəstək olurmuş kimidir. Bu səbəbdən onu tədbirimizin siması seçmişik.

Azər Nəsibov: Hansı sənətçilər bu aksiyaya qoşulublar?

Səbuhi Arif: İşimizdə səviyyəyə üstünlük verdiyimizdən çalışmışıq ki, səviyyəli müğənnilər həmin gün bizimlə bərabər olsunlar. Onların sırasında xalq artistləri Faiq Ağayev, Səməd Səmədov, əməkdar artistlər Tünzalə Ağayeva, Lalə Məmmədova, digər müğənnilər Elnarə, Emil Bədəlov, Xatun, Kərim Abbasov, Zarina Məmmədova, Şölə Səfərəliyeva, Mirkamil Kamilov, Günay İbrahimli, Fərid Məmmədov, Elşad Şükürov, İntizar və “Flaminqo” qrupu və başqaları da iştirak edəcəklər.
Sahilə Qurbanova: Müğənni seçimində düşündük, elələri olsun ki, özləri də can yandırmış olsunlar. Tədbir aksiya xarakteri daşıdığından səhnəyə çıxan hər sənətçi müxtəlif mövzularda maarifləndirici aksiyalarla çıxış edəcəklər. Amma heyif ki, müraciət etdiyimiz bəzi müğənnilər bizə qoşulmaq istəmədilər.

Azər Nəsibov: Məsələn, kimlər?

Səbuhi Arif: Ad çəkmək istəmirik. Əsas odur ki, bizə dəstək olan müğənnilərimiz daha çoxdur.

Azər Nəsibov: Ad çəkməsəzdə, maraqlıdır ki, bəhanələri nə oldu?

Səbuhi Arif: Bəzisi əvvəl razı oldu, sonra imtina etdi, bəzisi də uydurdu ki, guya məhz həmin gün Bakıda olmayacaq...

Azər Nəsibov: Bilet satışı nə yerdədir?

Sahilə Qurbanova: Afişalarımız şəhərin müxtəlif yerlərinə vurulduğu gündən çoxlu sayda zənglər alırıq. Demək olar ki, artıq bütün biletlər satılıb.

0 коммент.:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More